Naxçıvan Avtomobil Zavodu (NAZ) — Azərbaycanın avtomobil sənayesi sahəsində mühüm əhəmiyyətə malik müəssisələrindən biridir. Zavodun əsası 2006-cı ildə qoyulmuş, 2010-cu il yanvarın 11-də rəsmi olaraq istismara verilmişdir. Zavodun yaradılmasında əsas məqsəd Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına töhfə vermək, yerli sənaye potensialını artırmaq və maşınqayırma sahəsində yeni imkanlar yaratmaq olmuşdur.
2009-cu ildə Çin-Azərbaycan Biznes Forumu çərçivəsində NAZ ilə Çinin aparıcı avtomobil şirkətlərindən biri olan “CHONGQING LIFAN INDUSTRY (GROUP) IMP. & EXP. CO. LTD.” arasında əməkdaşlıq sazişi imzalanmış və bu saziş əsasında “Lifan” markalı avtomobillərin Azərbaycanda yığılmasına başlanmışdır.
Zavodun fəaliyyətində yeni mərhələ isə 2019-cu ilin noyabr ayında başlanmışdır. Həmin tarixdən etibarən NAZ “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının tərkibinə daxil olmuş, idarəçilik və istehsalat strategiyasında müasir yanaşmalar tətbiq edilməyə başlamışdır. “Cahan Holdinq”in təşəbbüsü ilə zavodun istehsal imkanları daha da genişləndirilmiş və Çinin “FAW Industrial Group” şirkəti ilə yeni tərəfdaşlıq müqaviləsi imzalanmışdır. Bu əməkdaşlıq nəticəsində FAW T-33, T-77 və T-80 modellərinin Azərbaycanda yığımı həyata keçirilmişdir.
Hazırda zavodun illik istehsal gücü 5000 avtomobil təşkil edir. İstehsal prosesi 12 yığım xətti üzrə təşkil olunmuş və hər bir avtomobil tamamlama mərhələlərindən keçərək yüksək keyfiyyət göstəriciləri ilə təmin olunur. Zavod fəaliyyətə başladığı dövrdən bu günədək 21 model üzrə 6000-dən çox avtomobil istehsal etmişdir. Hazırda müəssisədə 13 nəfərdən ibarət ixtisaslaşmış işçi heyəti çalışır.
Naxçıvan Avtomobil Zavodu ölkədə avtomobil sənayesinin inkişafı və yerli istehsalın dəstəklənməsi istiqamətində mühüm rol oynamaqda davam edir.